“Prezident İlham Əliyevin son çıxışı, Azərbaycanın öz regional çərçivəsini aşaraq beynəlxalq miqyasda güc mərkəzinə çevrildiyini bir daha nümayiş etdirdi. Bu çıxış sadəcə diplomatik bəyanat deyil, strateji baxışın və uzunmüddətli dövlət konsepsiyasının ideoloji bəyannaməsidir. Xüsusilə Ukrayna ilə bağlı ifadə edilən prinsipial mövqe diqqət çəkdi – Azərbaycan rəhbəri açıq şəkildə bildirdi ki, heç bir xalq işğalla barışmamalıdır. Bu, yalnız Ukraynaya verilmiş mənəvi dəstək deyil, eyni zamanda Azərbaycanın öz mübarizə tarixindən süzülüb gələn bir prinsipin paylaşılmasıdır. Prezidentin “işğalla heç vaxt barışmayın” çağırışı əslində, Azərbaycanın xarici və milli təhlükəsizlik siyasətinin mərkəzində dayanan əsas prinsipdir”.
Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Azər Hüseynov bildirib.

Ekspert hesab edir ki, bu tövsiyə sadəcə diplomatik jest deyil, tarixi təcrübənin və xalq iradəsinin ifadəsidir:
“Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, məhz bu prinsipial mövqe sayəsində Azərbaycan uzun illər davam edən işğala baxmayaraq, heç vaxt güzəştə getmədi, heç vaxt torpaqlarının itkisi ilə barışmadı və nəhayət, ədaləti öz gücü ilə bərpa etdi. Bu baxımdan, Azərbaycan Prezidenti tərəfindən Ukraynalılara ünvanlanan “işğalla barışmayın” çağırışı, həm də universal bir mesajdır – əgər iradə güclüdürsə, milli birliyə söykənirsə və prinsipial mövqe qorunursa, gec-tez zəfər mümkündür”.
A.Hüseynov qeyd edib ki, Azərbaycanın xarici siyasəti bu gün özünəməxsus xarakter daşıyır – burada nə ideoloji şüarlar, nə də hansısa bloklara kor-koranə bağlılıq var:
“Rəsmi Bakı milli maraqlarını əsas meyar kimi qəbul edərək, həm Qərb, Şərq, həm də region ölkələri ilə balanslı, qarşılıqlı faydalı və suverenliyə hörmət prinsipi üzərində qurulmuş münasibətlər sistemini qurmaqdadır. Məhz bu baxış sayəsində Azərbaycan müxtəlif beynəlxalq təşəbbüslərdə iştirak edən, tərəfdaşlarına etibar aşılayan və etibarlı güc kimi tanınan ölkəyə çevrilmişdir.
O cümlədən, Zəngəzur dəhlizi məsələsinə dair verilmiş mesajlar da ölkənin uzunmüddətli vizyonunun bir parçası kimi qiymətləndirilməlidir. Bu dəhliz yalnız kommunikasiya layihəsi deyil – Azərbaycanın geosiyasi çəkisini artıracaq, regional logistik xəritəni yenidən formalaşdıracaq, iqtisadi və strateji maraqları təmin edəcək bir vasitədir. Xəzəryanı limanlar, dəmir yolu bağlantıları, enerji kəmərləri – bütün bunlar bir məqsədə xidmət edir: Azərbaycanı regionlararası iqtisadi və nəqliyyat arteriyalarının ayrılmaz halqasına çevirmək.
Prezident Əliyevin çıxışında yer alan digər önəmli məsələ – Azərbaycanın hava məkanında vurulan mülki təyyarə ilə bağlı narahatlığın hələ də cavabsız qalmasıdır. Bu, sadəcə texniki insident deyil – bir dövlətin suverenliyinə, beynəlxalq hüquqa və insan təhlükəsizliyinə edilən açıq sayğısızlıqdır. Azərbaycanın bu məsələni beynəlxalq müstəviyə daşıması, hüququn və ədalətin təmininə göstərdiyi sadiqliyin təzahürüdür.
Görünən odur ki, Azərbaycan bu gün təkcə enerji ölkəsi deyil, həm də strateji tranzit mərkəzi, diplomatik təşəbbüskar və beynəlxalq hüququn müdafiəçisidir. Eyni zamanda, ölkənin yumşaq güc – soft power potensialı da sürətlə artır. Beynəlxalq forumların, konfransların Bakıda keçirilməsi, mədəni diplomatiyanın gücləndirilməsi və innovasiya platformalarının yaradılması, Azərbaycanın artıq yalnız sərt güclə deyil, həm də intellektual və mədəni təsirlə də dünyada yer tutduğunu göstərir”.